Xəzinə qaya

Vikimənbə saytından

31 | başlıq = Rəvayətlər. | müəllif = | keçidsiz müəllif = Şifahi xalq ədəbiyyatı | tərcüməçi = | keçidsiz tərcüməçi = | bölmə = Xəzinə qaya | əvvəlki = | növbəti = | il = | qeydlər = }}

Bir zalım şah varmış. Bu şahın zülmü ərşə dayanıbmış. Vəzirvəkili də onun əlindən baş götürüb dağlara qaçıbmış. Şahın xəzinəsində qızıl, gümüş, cavahirat ildən-ilə artdıqca ölkə xarabazarlığa çevrilirmiş. Kotan tutmalı, əkin əkməli olan əllər qılınc, nizə, qalxan tuturmuş.

Şah bir gün yenə də şeypurları səsləndirdi. Ən ucqar kəndlərə də yasavulların göndərib yenicə ərsəyə gəlmiş cavanları səfərbərliyə almağı tapşırdı. Ordugahlar quruldu, döyüşə hazırlıq işləri görülməyə başladı. Qoca bir qarının da bircə nəvəsi var imiş. Yenicə ərsəyə çatıbmış. Qarı nəvəsinə toy tədarükü görürdü ki, dünyadan nəvə toyu görməmiş köçməsin. Onun nəvəsini də zorunan düşərgəyə gətirib şahın döyüşçüləri arasına qatırlar. Atalar “dövlətdə dəvə, övladda nəvə” deyiblər. Qarı çox çalışır ki, nəvəsini davaşavadan qurtarsın, bir şey çıxmır. Odur ki, üz tutub şahın çadır qurub oturduğu yerə gedir. Keşikçilər qarını şahın yanına buraxmaq istəmirlər. Qarı yalvar-yaxar eləyir. Onun səsi şahın qulağına çatır. Şah deyir:

– Qarını mənim yanıma gətirin.

Keşikçilər qarını şahın yanına gətirirlər. Şah bir ayağı burda, biri gorda olan qarının istəyini bilib qəzəblənir:

– Bəxtin kəsib. Səfər üstəyəm, istəmirəm səfər üstündə əlimi sənin qanına batırım. Mən adlı pəhləvanları, ordular basan, ölkələr tutan sərkərdələri bir həmlədə qanına qəltan edirəm. Mənə dua et, uğur dilə. Alqış elə ki, səfərdən əli dolu qayıdım. Səni bağışlayım.

Qarı deyir:

– Qibleyi-aləm, mən bağışlanmağımı istəmirəm. Mənə toy tədarükünə hazırladığım nəvəm lazımdır. Onu zorla sən döyüşçülərin sırasına qatdırmısan. Mən qarıya yazığın gəlsin. Ata, qardaş, oğul, qız dağı görmüş sinəmə nəvə dağı çəkmə.

Şah güldü:

– Qarı, cın-cındırınlamı toy tədarükü görürsən? Sən mənə minnətdar olmalısan ki, nəvəni döyüşə aparıram. Nəvən fərasətli olsa, hünər göstərsə çapıb-talayıb sərvət yığar. Geri qayıdandan sonra o sərvətlə özünə toy elər.

– Şah sağ olsun, nahaq qan bahasına əldə edilmiş var-dövlət nə mənə, nə də mənim gəlinimə lazımdır. Belə sərvət heç kimə ağ gün gətirməz. Gəl, qayıt bu yoldan. Axıtdığın qanlar, haqsız axan göz yaşları selə dönüb bir gün səni yer üzündən silər.

Qarının sözlərini eşitcək şahın halı dəyişdi. Hirsindən əlləri titrədi, gözləri hədəqədən çıxdı. Vəzir, vəkil, adlı-sanlı sərkərdələr onun sözünün qabağında söz deməyə cürət etmirdilər. İndi dilənçi bir qarı ona ağıl öyrədirdi, özü də harada. Sərkərdələrin, əyanların yanında. Şah var gücüylə çığırdı:

– Cəllad, bu qarını bir qatırın quyruğuna bağla!

Qarı nə əzab-əziyyətdən, nə də ölümdən qorxdu. Səsini qaldırıb dedi:

– Şah, ulu babaların da sənin kimi qəddarlıq elədiyindən yadellilər yurduna hücum çəkəndə qoşunun sayı düşməndən çox olsa da basıldı. Babanla atan vətəndən didərgin düşüb, qürbətdə öldü. Sən də kimsəsiz bir gədə kimi dilənçi kökündə yaşayırdın. Yadellilərə nifrət vətən övladlarına ulu babanın qəddarlığını unutdurdu, düşməni qovmaq üçün elin hər yerində dəstələr düzəltdilər. Ağsaqqalların məsləhətiylə atam gedib səni yad ölkədən gətirdi. Hamının qarşısında and içdin ki, ağsaqqallarının məsləhətiylə oturubduracaqsan. El ayağa qalxdı, yadelliləri qovdu. Amma sən verdiyin vədləri unutdun. Şahlıq taxtında yerini bərkidəndən sonra döyüşlərə hazırlaşdın. Xalqın başını aldatdın ki, öldürülmüş qardaşlarımızın, əsir aparılmış ana-bacılarımızın qisasını almağa gedirsən. Döyüşlərdə ölən igidlərin qanı bahasına sən xəzinələr, torpaqlar ələ keçirdin, qan içməkdən, ölkələr talamaqdan doymadın.

Qarı qəddarlaşmış şahı heç cür qarşıdakı döyüşdən çəkindirə bilmədi. Üz tutdu dağlara. Ulu Tanrıya yalvardı ki, şahın bu səfərinə imkan verməsin. Onun ləl-cavahiratını, qızıl-gümüş xəzinəsini daşa-torpağa çevirsin.

Göy guruldadı, şimşək çaxdı, aləm bir-birinə qarışdı. Şah qoşuna bu uğursuz yerdən uzaqlaşmağı əmr elədi. Xəzinəni yükləmək istəyəndə gördülər cavahirat, qızıl hamısı daşlara dönüb. Həmin gündən bu yerlərə “Xəzinə qaya” deyilməyə başladı.

Mənbə[redaktə]