Məzmuna keç

Xaki-payin, dilbǝra, bir tac dövlǝtdir mana

Vikimənbə saytından
Xaki-payin, dilbəra, bir tac dövlətdir
Müəllif: Şah İsmayıl Xətai



Xaki-payin, dilbǝra, bir tac dövlǝtdir mana,
Bǝs yüzün görmǝk sǝnin bǝxtü sǝadǝtdir mana.

Çün qǝmi-eşqindǝ ölmǝkdir, hǝyati-cavidan,
Hǝq bilür ölmǝk deyil, ol eyni-rahǝtdir mana.

Munca kim, dǝrdündǝ zǝhmǝt çǝkmişǝm, ey bivǝfa,
Çünki sǝndǝndir bu zǝhmǝt, cümlǝ rahǝtdir mana.

Gǝrçi mǝndǝn dǝrhicab olursan, ey arami-can,
Yüzünü göstǝrdiyin eyni-inayǝtdir mana.

Düşdǝ gördi dün Xǝtai, yar olubdur hǝmdǝmi,
Ya düşümdür, ya xǝyalım bu nǝ halǝtdir mana.