Xaloğlu (Aşıq Abdulla Dərələyəzli)
Görünüş
Xaloğlu Müəllif: Aşıq Abdulla Dərələyəzli |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.97; ISBN 978-9952-571-42-4 |
Bir gün seyraqubdan bir söz eşitdim,
Meyl edirsən heyva-nara, xaloğlu.
Deyirlər ki, çox aşiqsən məşuqa,
Bel bağlama dilivkara, xaloğlu.
Göydən dul adına enə bir pəri,
Nə sözü düz olar, nə də ilqarı.
Yadına düşəndə qabaqkı əri,
Başlayacaq ahu-zara, xaloğlu.
Sən içən şərabdan mən də içmişəm,
İndi peşman olub, başa düşmüşəm.
Sənə baxıb, mən bir dükan açmışam,
Həsrət qaldın xiridara, xaloğlu.
Abdulla da desin sözün düzünü,
Qonaqlıqda göstərəcək özünü.
Daha burda qurtarıram sözümü,
Çəkmə özün bərkə, dara, xaloğlu.