Xalq qəhrəmanı Sultan bəyin qızı Bəyim xanımın xatirələri
Xalq qəhrəmanı Sultan bəyin qızı Bəyim xanımın xatirələri (2016) Müəllif: Ramil Cəbrayıl |
Mənbə: http://karabakhmedia.az/main/7809-xalq-qehremani-sultan-beyin-qizi-beyim-xanimin-xatireleri.html |
Karabakhmedia.az Səbahəddin Eloğlunun "Zəngəzur hadisələri" kitabından, Azərbaycanın xalq qəhrəmanı Sultan bəy Sultanovun qızı Bəyim xanımın xatirələrini oxuculara təqdim edir.
Uzun illər sürgünlərdə olmuş Bəyim xanım ailələrinin faciəli taleyindən belə nəql edib:
- Qırmızı Ruslar Zəngəzura gəldikdən sonra atama ardı-arası kəsilmədən sui-qəsd edirdilər. Qəsdlərin birində atama güllə də atdırdılar. İncəvarda güllə
kişinin başından yox, çənəsindən dəyərək az yaralamışdır.
Atam vəziyyətin gərginliyini başa düşmüşdü. Düşməndən qoruduğu vətənində özünün qorunmağına heç bir ümid qalmamışdı.
Atam gələcəkdə vətəni yenə düşmənlərdən xilas etmək üçün xarici mühacirətə getmək qərarına gəldi. Bundan sonra bizim indiki Laçın rayonundakı mülklərimizdə yaşamağa imkan vermədilər. Anam Qarabağ xanlarının nəslindən, şair Natəvanın nəslinin ziyalı qızlarından biri idi. Bugünkü Xan kəndi mənim ana babalarımın torpaqlarıdır. Biz bir qədər Qarabağdakı qohumlarımızın himayəsində yaşadıqdan sonra Bakıya köçməli olduq.
Anam ziyalı, qoçaq və bir qədər də diplomat qadın olduğundan xeyli vaxt məsul vəzifələrdə işlədi. Bir müddət Bakı şəhər sovetinin deputatı da oldu.
Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapımız döyüldü. Anam qapını açdı. Hərbi formada bir neçə adam icazəsiz evə girib başladılar evi axtarmağa. Evi alt-üst etdilər. Biz hələ də məəttəl qalmışdıq ki, bunlar nə axtarırlar. Demiyəsən, NKB-də işləyən daşnak agentlər çoxdan bizim evi nəzarət altında saxlayıb güdürlərmiş.
Bir azdan atamın şəkli, “Quran”ı, müxtəlif, lazımlı sənədləri, qiymətli əşyaları saxlanan boxçanı yükün arasından götürüb açdılar. Gələnlərdən biri erməni idi. O atamın şəklini görən kimi həyəcanla: “vot, vot Sultanbek” deyib şəkli onunla gələnlərə göstərdi. Bir neçə dəqiqədən sonra anama bildirdilər ki, evdən heç nə götürmədən həbs olunursunuz. Əynimizin paltarlarını da götürməyə də imkan vermədilər. Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Biz türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də burdadır. Sonra bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxartdılar. Hara apardıqlarını bilmirdik. Yağışın, küləyin, günün altında bir aya yaxın yollarda qaldıq. Aclığa, susuzluğa tab gətirməyib ölənləri qatar gedə-gedə hara gəldi atırdılar. Demək olar ki, hamı üzülmüşdür. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar Azərbaycan uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün qabağında onlarla uşaq ölürdü. Bu vaxt ən dəhşətlisi ölən azərbaycanlıların məzarları üstündə adsoyad yazmağa icazə verməmələri idi. Gələcəyə iz qalmasın deyə, qəbiristan yaratmağa qoymurdular. Azərbaycanlıları mənəvi cəhətdən ən çox sarsıdan burada da məhbusların taleyinin ermənilərin ixtiyarına verilməsi idi. Azərbaycanlılar yaşayan həbs düşərgələrində ermənilər ağlasığmaz dəhşətlər törədirdilər. Canilər qadınların üstlərindəki qızıl zinətləri (təsadüfi hallarda bəzi qadınların üstündə qızıl olurdu,) açırdılar, hətta ağızlarındakı qızıl dişlərini də kəlbətinlə sındırıb çıxarırlar, düşərgələr dolu idi azərbaycanlılarla. Çox vaxtı adamlar bir-birilərindən soruşurdular ki, görən Azərbaycanda heç azərbaycanlı qalıbmı? Sürgündəki adamları çox işlədirdilər. Qazaxıstanın bir çox vilayətləri sürgün olunmuş azərbaycanlıların qabarlı əlləri, alın tərləri hesabına abadlaşdırılmışdı. Anam qoçaqlıqda ad qazanmışdı. İşdən sonra sürgündəki azərbaycanlı uşaqlarına savad öyrətmək məqsədi ilə dərnək təşkil etmişdir. Uşaqlar anamı müəllim deyə çağırırdılar.
1948-ci ildə anam icazə ilə Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb onunla görüşür. Ailəmizin Bakıya qayıtması haqqında icazə istəyir. Bağırov anama deyir ki, Sultan bəy nəslinin bir daha Azərbaycan torpağına ayaq qoymağına icazə verilməyəcək. Anam cəsarətlə qəbuldakıların yanında Bağırova deyir: “Sultanbəy xalqının qəhrəman oğludur. O, Zəngəzurda xalqımızı daşnaklardan xilas etmişdir. Tarix bunu heç vaxt unutmayacaq. Amma sən, bu gün Azərbaycan xalqını sürgünlərdə məhv edən cəllad kimi vaxt gələcək xalq qarşısında cavab verməli olacaqsan”. Anam kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-ci ilə qədər biz sürgündə qaldıq.
Biz Azərbaycana qayıdanda Bağırovun məhkəməsi gedirdi. Anamı da məhkəməyə dəvət etmişdilər. Anam bir banka qara mürəkkəb düzəltmişdi ki, məhkəmədə onun üzünə çırpsın. Lakin nə fikirləşdisə məhkəməyə getmədi.