Xaqani haqqında
Görünüş
Xaqani haqqında (XII əsr) Müəllif: Əbül-Üla Gəncəvi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Məni zəmanənin doğdu anası,
Dünyada yüksəklik, hünər ustası.
Arandan çıxmışam, altmış yaşım var,
On altı il etdim Şirvanda qərar.
Zəif bir qocayam, şahı vəsf edən,
Demirəm Keyxosrov, Keyqubadam mən.
Sual etsən məndən, ey Əfzələddin,
Özün doğrusunu eylərsən yəqin.
And olsun o əziz canına, səndən —
Xeyli narazıyam, düzünü bilsən...
Mən sənin ustadın, həm də qaynatan.
Sən mənim övladım, göz işığımsan.
Sən məni özünə seçərkən ustad,
Verdim qızımı da, olasan damad.
Sənin təliminə bel bağlamışdım,
Sənin şairlikdə dilini açdım.
Səni o xaqana özüm göstərdim,
“Xaqani” adını sənə mən verdim.
Nədəndir od kimi üstümə coşmaq?
Nə sən odsan, susan, nə mən yel, torpaq!