Məzmuna keç

Xitab

Vikimənbə saytından
Xitab
Müəllif: Abbasqulu ağa Bakıxanov
Mətbuatda "Təbriz əhlinə xitab" kimi dərc olunmuşdur. A.Bakıxanovun "Fazil" təxəllüsü ilə yazdığı şeiridir.


Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz,
Vəfa yerində cəfa sizdə bu nə adətdir?!
Həvayi-nəfsə mütiü tamam eyşpərəst,
Görüm, ilahi, dağılsın necə vilayətdir.
Nə elmə talib olan var, nə rəsmdən agah,
Vəli bu firqəyə mətlub zibi-surətdir.
Kimin ki, xülqi müzəyyəndir, istəməz zinət,
Kişi özün bəzəmək cəhldən əlamətdir.
Yetişdi bir yerə iş hər kimin ki, saqqalı,
Hənalı olsa uzun, hörməti ziyadətdir.
Bu tərz olursa parak tazi tuladan yeydir,
Sürü içində siyiz sahibi-kəramətdir.
Nə qədər seyr edirəm kuçə ilə bazari,
Adam çox az görünür, izdihami-kəsrətdir.
Vüfuri vardır üç firqənin bu kişvərdə,
Axund ilə xərü xan bihədü nihayətdir.
Bunun əmaməsi rəngin, onun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.
Xəri çıxaq aradan bunlara şəbahəti yox,
O binəvanın işi rəncilə rəyazətdir.
Axund ilə xana hər tənə eyləsən yaraşır,
Bu müftəxorların əndişəsi şərarətdir.
Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütpərəst süluki, bular nə millətdir?!
Bular vuran od idi əhli fəqr xərməninə,
Ki, indi şöləvər oldu cahanda, vəhşətdir.
Süluki-dəhrdə təhzibi-nəfs üçün fazil,
Müdəlləl eylədigin söz sana nəsihətdir.