Xoş xəbərdimi

Vikimənbə saytından
Xoş xəbərdimi
Müəllif: Xəyyat Mirzə
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Ağrın alım, namə, söylə eşidim,
Bizə gətirdiyin xoş xəbərdimi?
Ağ nazik əllərlə, incə barmaqla,
Səni yazan görüm o dilbərdimi?

Görünmür çoxdandı, halım pərişan,
Bu qədər cəfaya dözərmi insan?!
Söylə, açıq söylə, sevdiyim canan
Mənim bu dərdimdən xəbərdardımı?

Nə vaxtdı gözlərəm sənin yolunu,
Gəl, sevindir Mirzə kimi qulunu.
Gizlətmə yarımın xoş əhvalını,
Yoxsa gətirdiyin dərdi sərdimi?