Xoşa o gün ki, mənim qəm günümdə yarım idin
Görünüş
Xoşa o gün ki, mənim qəm günümdə yarım idin Müəllif: Məhəmməd Tağı Sidqi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xoşa o gün ki, mənim qəm günümdə yarım idin,
Ənisü munisü qəmxarü qəmgüsarım idin.
Gözümdə nur, könüldə sərvər, cismdə can,
Qərarü tabü təvan, səbrü ixtiyarım idin.
Kəməndi-ahımla damı-eşqə salmışdım,
Qəribə seyd eyləmişdim, əcəb şikarım idin.
Təfaxürüm var idi tacirani-eşq içrə,
Mətai-hüsnlə aləmdə bir etibarım idin.
Adın dilimdə, üzüm xaki-asitanmda,
Sərir nazda, bir şahi-tacidarım idin.
Na bais oldu vüsalə mübəddəl oldu fəraq?
Xoşa o gün ki, mənim eyşi-ruzigarım idin.
Nədəndi lale sifət bağrıma çəkibsən dağ?
Üzari-la ilə bir türfə laləzarım idin.
Ümidim özgəyə yox, ey səba, səni tar!
Söylə o yarə ki, axır ümidvarım idin.
Deyir fəğanla gülzari-hicrdə Sidqi,
Xoşa o gün ki, mənim yari-gülüzarım idin.