Məzmuna keç

Xoruzu

Vikimənbə saytından
Xoruzu
Müəllif: Şair Aqil
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Dincəlin, a qonşular,
Yediniz mərcan xoruzu;
Pipiyi qan qırmızı,
Tükləri əlvan xoruzu;
Əti məcun kimiydi,
Dərdlərə dərman xoruzu;
Tapsaydıq bir də əgər,
Kəsərdim qurban xoruzu;
Salamat qoymaz idim
Bir saat, inan, xoruzu.

Poyezd kimi qışqırırdı,
Fitə bənzəyirdi səsi;
Saat kimi vaxt bilirdi,
Günün hansıdı vədəsi.
Bir yanı Qarbulaq,
Bir yanı Ağsu dərəsi;
Toyuqlara püh verirdi,
Qığ-qığısı, züm-züməsi.
Yas saxlayın, çil fərələr,
Bürüdü al-qan xoruzu.

Ayın onunda yoxladıq,
İçəriyə girmiş idi.
Quyruğu şeşpər idi,
Dimdiyi də lap şeş idi.
Yəqin ki, ay caamat,
Belə iş arvad işidi;
Əgər arvad deyilsə,
Arvadabənzər kişidi;
Yüz nə deyim, min, nə çıxar,
Apardı filan xoruzu.

Abırsızlar, həyasızlar
Eləməyib ar, yedilər;
Belə orucluq ayında
Etdilər iftar, yedilər.
Ağzında ağı dadsın,
Olsun zəhrimar, yedilər;
İsa deyil, göyə çıxa,
Lap açıq-aşkar, yedilər;
Tülkü, çaqqal da yox idi,
Apara tardan xoruzu.

Utanın, ay oğrular,
Fermanın danası deyil;
Koprətivin kəsilməsi
Ölkəyə sığası deyil;
Kərimin yağ küpəsi,
Məmişin buğdası deyil;
Hansı növünü mən deyim,
Axı, qurtarası deyil;
Yalvarıram Aqilə mən,
Eləsin dastan xoruzu.