Məzmuna keç

Xoyratlar (Şəki folkloru)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xoyratlar
Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Ay Mədəd,
Ülkər Mədəd, ay Mədəd.
Baş verib dan ulduzu,
Ayrılıqdı, ay Mədəd.
 
Aydın olsun,
Gün doğsun, aydın olsun.
Bu gün oğul toyundur,
Gözünüz aydın olsun.
 
Araz axmazmış,
Araz Kürə baxmazmış.
O gidən zalımın balası,
Heç dala baxmazmış.
 
Oyunu görək,
Oyna, boyunu görək.
Allahdan arzum budur,
Oğlunun toyunu görək.
 
İnci məndən,
Dürr məndən, inci məndən.
Dedim, gəl aşna olaq,
Demədim inci məndən.
 
Nə bağışlar,
Dost dosta nə bağışlar.
Başım cəllad əlində,
Nə kəsər, nə bağışlar.
 
Ay şəkərsən,
Həm qəndsən, həm şəkərsən.
Bir quru canım qalıf,
Alarsan, əl çəkərsən.
 
Əzizinəm gül üstə,
Səhər-səhər gül istə.
Mən ki səni sevirəm,
Səhər məndən gül istə.
 
Oda yandı,
Od düşdü, o da yandı.
Şimşək çaxdı göylərdə,
Mən qaçdım, o dayandı.
 
Əzizim incə-mincə,
Səni kim istər məncən,
Səni kimə tapşırım,
Bizim öyə gəlimcən.
 
Tasa bax,
Bülbül oxur, səsə bax.
Bir tərəf toy-büsatda,
Bir tərəfdə yaşa bax.
 
Əsməsilə,
Tellərin kəsməsilə.
Şivəndən çox razıydım,
Bir az da küsməsilə.
 
O yanasən,
Yatıbsan, oyanasan.
Dostdan mənə bir xəbər,
Sən məndən o yanasən.
 
Çaldı zalım
Sazımı çaldı zalım
Götürüb qəm xəngərin,
Sinəmə çaldı zalım.
 
Ata məni,
Gör ana, ata məni.
Dəyməyə namərd əli,
Mərd oda ata məni.
 
Çalmasın,
Çək başına qalmasın.
Sazı ver usta çalsın,
Barı, naşı çalmasın.
 
Səngəri
Niyə döndün sən geri.
Fikir qəm-qoşununun,
Sinən oldu səngəri.
 
Neynər məni,
Üzdü bu neynər məni.
Gedin yardan soruşun
Çağırıb neynər məni.
 
Yar ayağı,
Yar əli, yar ayağı.
Astanan qurbanıyam,
Dəyibdi yar ayağı.
 
Dərd öyünü,
Xəstəylə dərd öyünü.
Sənin o gözəlliyin,
Yıxmazmı dərd öyünü.
 
Bir də, bir də,
Çox iş var bu səbirdə
İkimiz birdən ölək,
Qoyulaq bir qəbirdə.
 
Düşdü gözüm,
Kababa düşdü gözüm.
Baxdı səki görmədi,
Gözümdən düşdü gözüm.