Yüksəlişçün oldu mənə səma İraq torpağı

Vikimənbə saytından
Yüksəlişçün oldu mənə səma İraq torpağı
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Yüksəlişçün oldu mənə səma İraq torpağı,
Ağuş açıb, oldu mənə ana İraq torpağı!
Dərd əlindən paslanarsa təfəkkürün güzgüsü,
İnanıram, ona verər cila İraq torpağı.
Boğularsam yoxsulluqdan əgər şərəf yolunda,
Saçacaqdu yollarıma ziya İraq torpağı!
 
Dənizləri keçəcəkdir mənim hümmət qayığım,
Qoymayacaq, yıxsın məni dalğa, İraq torpağı!
Kəbə mənə qucaq açdı, meyl elədi İsfahan,
Çəkdi məni sənə tərəf sevda, İraq torpağı!
Məni qultək xidmət üçün çağırırdı İsfahan,
İndi oldum öz-özümə ağa, İraq torpağı!
Ey Fatimə, eşqin hakim kəsilibdir qəlbimə,
Səndə çatar əlim şirin suya, İraq torpağı!
Yol göstərdin, şerim ilə zirvələrə yüksəlim,
Ürəyimi döndərmisən dağa, İraq torpağı!
Görüşünə tələsirlər fıkrin bakir qızları,
Adlarını nigahına sala İraq torpağı.
İsfahanda bu gəlinlər duvağını açmadı,
Sənə gərək o duvağı aça İraq torpağı!