Məzmuna keç

Yüz əlli timsah və Qənçil

Vikimənbə saytından
Yüz əlli timsah və Qənçil
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qənçil bol sulu, enli çay qırağına yaxın yerdəki hündür təpədə istirahət etməyi çox xoşlayırdı. Bu təpə hər tərəfdən yarğanla əhatə olunmuşdu. Yağış yağanda çayın suyu qalxıb lap təpənin başına qədər çıxırdı, təpənin başında şaxlı-budaqlı fikus ağacı ucalırdı. Ağacın budaqlarının ucu az qala yerə dəyirdi. Ağacın altı isə tər-təmiz olurdu, – elə bil ki, süpürgə ilə süpürülürdü – külək hər gün ağacın altına düşən yarpaqları sovurub yarğana tökürdü. Bir dəfə Qənçil, ağacın altında uzanaraq tənbəl-tənbəl göyşəyə- göyşəyə bərk yuxuya getmişdi. Bu vaxt bir yağış tökdü ki, elə bil göydən sel axırdı.

Çay qalxıb o saat yarğanı basdı. Təpənin ətrafında dəhşətli su burulğanları əmələ gəldi. Çox keçmədən su təpənin başına qalxıb Qənçil yatan yerə çatdı. O, oyanıb çayın belə qalxdığını görərək, bərk qorxdu. Nə eləsin? Tullanmağa yer yox idi, çünki yarğan su ilə dolu idi. Ağaca dırmaşmağı da o bacarmırdı. Suda üzməyə isə ürək eləmirdi, çünki timsahın ağzına düşəcəyindən qorxurdu. O, ancaq suyun tezliklə çəkiləcəyinə ümid bağlamışdı. Qənçil dayanıb bütün bunları fikirləşirdi ki, birdən suyun üzündə timsah başlarını gördü. Hamısından da qabaqdakı qoca Timsah idi. Bu Timsah çoxdan Qənçillə düşmən idi və dişini ona qıcamışdı.

– Aha, – deyə Timsah qışqırdı, – Qənçil, gör səninlə harda rastlaşmışıq! İndi sən hara qaçacaqsan? Bir bura gəl, tez, tez! Sən harda gizlənəcəksən? Mənim qarnımda gizlənmək istəyirsənmi? Aha, bir qaç görüm, necə qaçırsan! İndi daha əlimdən qurtara bilməyəcəksən! İndi sənin işini bitirərəm, ətinlə də bütün dostlarımın qarnını doyduraram. Sənin sür-sümüklərinin hamısını gəmirərik, kələklərinə görə mən sənin əlindən lap yanıqlıyam. Sənin ətin gərək ki, dadlı olsun: həm yağlı, həm də yumşaq. Kim bilir, bəlkə də sənin ətin dərman kimi faydalıdır.

Qənçil isə fikirləşirdi ki, daha Timsahın ağzından yaxa qurtara bilməyəcək. Ancaq o yenə də xoşbəxt bir təsadüf olacağına ümidini itirmirdi. Üzünü Timsaha tutub dedi:

– Mənim sirrimi sənə kim açıb? Kim sənə deyib ki, mənim ətimdən dərman qayırmaq olar? Siz bura gör nə qədər yığışmısız, təkcə məni yemək istəyirsiz! Bu bir şey deyil, axı, mən çox balacayam. Onsuz da sizin qarnınız mənim ətimlə doymayacaq. Əgər siz mənim ətimdən dərman qayırmağı fikirləşmisizsə, o başqa məsələ. Onda əgər burada siz lazım olan qədərsinizsə, məni yeyə bilərsiz!

– Biz burada səksən timsahıq, – deyə Timsah ona cavab verdi.

– Əgər məni səksən timsah yesə, onda mütləq onların qarınları sancacaq. Baxıb görərsiz; səhər naxoşlayar, axşam ölərsiz! Ancaq məni yüz əlli timsah birdən yesə, onda dərmanın təsiri olar və onlar uzun illər yaşayıb sağ-salamat ömür sürərlər.

– Qənçil, sən doğrumu deyirsən?

– Bəs həddindən artıq içən adamın başına nə gəlir? Həddindən artıq çaxır içəndə zərər verir. Hər halda sərxoş adam çox yaşamır. Ancaq az içən adamın işi başqa olur – onun keyfi kökəlir! Mənim ətim isə hər cür çaxırdan da zəhərlidir: kim qədərindən çox yesə, onun çox yaşamayacağına şübhə yoxdur.

Timsahlardan biri dedi:

– Həmişə belədir! Hamı ölüm qabağı çox çərənləyir. Mən indi səni tikə-tikə parçalayıb yeyərəm. Onsuz da bir Qənçillə doymaq olmaz ki?!

Qənçil o saat onun yanına gəlib dedi:

– Buyur, məni tikə-tikə doğra! Mənim üçün nə fərqi var ki, məni bir timsah yesin, ya çox timsah yesin! Öz işinizdir! Əgər məni səksən timsah yesə hamısı gəbərəcək. Çayın qırağında özünə yem axtaranların bəxti gətirib, – indi onlara daha mane olan olmayacaq! Nahaq yerə mən sözün düzünü dedim, daha deyilən sözü geri qaytara bilməzsən. Eh, mənim bu zəhrimar dilim dinc durmadı da! Axı, mən nə üçün bu sirri sizə açdım?!

Qoca Timsah dedi:

– İndi, mən görürəm ki, sən doğru deyirsənmiş, İndi mən əlli timsah göndərərəm ki, yetmiş timsah da çağırıb gətirsinlər. Onda biz yüz əlli timsah olarıq. O biri timsahlar hərə bir tərəfə gedəndən sonra otuz timsahı da burada səni güdməyə qoyaram. Tezliklə hamı gəlib yığışar.

Əlli timsah hərəsi bir tərəfə getdi: bəzisi suya baş vurdu, bəzisi sahilə çıxdı. Çox keçmədən hamısı qayıdıb gəldi: özlərilə də yetmiş timsah gətirmişdilər. İndi onlar yüz əlli timsah idilər. Hamısı da öz bədheybət ağızlarını açmışdı.

Qoca Timsah dedi:

– Qənçil, indi bəs nə istəyirsən? İndi biz burada yüz əlli timsahıq.

– Əgər siz doğrudan da yüz əlli timsahsınız, nə bir əksik, nə də bir artıq, onda məni yeyə bilərsiz! Ancaq siz burada düz yüz əlli timsahsız?

– Yüz əlli, nə bir dənə əksik, nə də bir dənə artıq, mən indicə saymışam.

– Əgər düz saymısansa, bəxtin gətirdi! Yox əgər səhv saymısansa, onda sizin hamınızın işi xarabdır.

– Yaxşısı budur, sən özün də bir say görək, səhvimiz yoxdur ki?

– Yox, əşi, mən sizə inanıram! Əgər doğrudan da burada yüz əlli timsahsınız, nə bir dənə əksik, nə də bir dənə artıq, onda, buyurun məni parçalayın!

– Yox, yox, mən qorxuram! Yaxşısı budur, sən özün bizi təzədən say!

– İndi ki, siz təkid edirsiz, onda mən sayaram, ancaq gərək elə düzüləsiz ki, mən sizi yaxşı görə biləm. Sudan təkcə başınızı çıxarmağı unudun, hamınız bir-birinin yanında, bir-birinə qısılaraq fikusdan o sahilə kimi böyür-böyürə uzanın!

– Yaxşı, narahat olma! İndi mən onların hamısına əmr edərəm, sən deyən kimi uzanarlar.

Bundan sonra timsahlar başlarını, bədənlərini, quyruqlarını sudan tamam çıxarıb bir-birinin yanında uzandılar.

– Tez say, ancaq bax ha, hesabı səhv salma! – deyə qoca Timsah göstəriş verdi.

Qənçil dedi:

– Mənə icazə ver, dostlarının üstü ilə gedib sayım! Ancaq onlar məni bunun üçün qanacaqsız saymasınlar.

Timsah dedi:

– Eybi yoxdur, eybi yoxdur, bunlar ancaq əsas işimizdən ötrüdür!

Qənçil timsahların üstündən atıla-atıla keçərək sayırdı: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi... iyirmi dörd... əlli... doxsan... yüz... yüz iyirmi... yüz əlli! O bunu deyib sahilə tullandı və dala baxmadan dördayaq qaçdı.