Məzmuna keç

Yəqin

Vikimənbə saytından
Yəqin
Müəllif: Abbasqulu ağa Bakıxanov


Gül belə rəxşan ola bilməz yəqin,
Ay belə xəndan ola bilməz yəqin,
Sən kimi ceyran ola bilməz yəqin,
İşvəli canan ola bilməz yəqin,
Can alan insan ola bilməz yəqin,

Qaşlarını eylədi xaliq kaman,
Ox elədi kirpiyini canalan,
Qəmzələri səndə yaratdı nihan,
Eşqə düşər xilqətinə hər baxan
Vəsləsə imkan ola bilməz yəqin.

Səndən uzaq ey məhi-ərşi-cəlal,
Gündüzüm olmuş gecə, mahimsə sal,
Qoymadı rahət məni bir an məlal,
Dərdimə dərman yaranıbdır vüsal,
Ayrıca dərman ola bilməz yəqin.

Dilsizə bax gör nə edir müddəa,
Hər sözü guya yetirirmiş səba.
Uydurur hər kəs belə bir macəra,
Sənsiz olarmı yaşamaq bir daha,
Cism ki, bican ola bilməz yəqin,

Eşqə sənin meylin olarsa əgər,
Yanmalıdır səndə əzəl balu pər.
Sonra oda düşməlidir can, ciyər,
Bir belə odla yananın müxtəsər,
Tüstüsü pünhan ola bilməz yəqin.

Məclisi aç, ilk sözü ver dilbərə,
Odla dolu bir suyu tök sağərə,
Vəlvələ sal məmləkəti-xavərə,
Örtü əgər salsan o xoş peykərə,
Mehri-dirəxşan ola bilməz yəqin.

Qüdsi, daha bəndə düşüb müşkülüm,
Qüdsi, töküldü yerə tel sünbülüm.
Qüdsi, xəzan gördü deyən bülbülüm,
Qüdsi, daha yoxsa açan bir gülüm,
Eşqi-gülüstan ola bilməz yəqin.