Ya Əlif-Əlif
Görünüş
Ya Əlif-Əlif Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012. |
Elmi həqiqətdən, bir bazar etdim,
İftida eylədim, Ya Əlif-Əlif.
Yüz on dörd surəni tamam eylədim,
Oxuyub öyrəndim, Ya Əlif-Əlif.
Ələst aləmində ha dedim durdum,
Haqq-taala əmrinə mən bir quldum.
O, qada-bəladan bir ərkan buldum,
Mən sənə sığındım, Ya Əlif-Əlif.
Qurtarginən bizi dərddən, bəladan,
Yeri-göyü, ərşi-kürşü yaradan.
Cəbrayıl vəhy gətdi ərşi-əladan,
Göndərdi çox salam, Ya Əlif-Əlif.
Ürfan məclisində getdim söhbətə,
Fəxr etməyən bir gün düşər zülmətə.
Nicat yoxdur yalançıya, qeybətə,
Sənsən fəryadımsan Ya Əlif-Əlif.
Məmmədhüseyn deyər, gəldim amana,
Meracı qəzadan yetmişdim sana.
Əyyub kimi şükür edəndim Sübhana,
Ver mənim muradım, Ya Əlif-Əlif.