Ya bir olar, ya iki
Görünüş
Ya bir olar, ya iki Müəllif: Molla Cümə |
Mənbə: Məhərrəm Qasımlı, "Molla Cümə". "Ozan dünyası" jurnalı, №4(25), 2015. |
İsmi Pünhan, niyə məndən küsübsən,
Yaxşı-yaman ya bir olar, ya iki.
Bir gün ölsəm, hamı deyər, yazıqdır,
Canı yanan ya bir olar, ya iki.
Sən şöləsən, dörd yanında fanaram,
Bülbülünəm, gülşənindən kənaram.
Od tutuban hər məclisdə yanaram,
Dərdim qanan ya bir olar, ya iki.
Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qırıb məndən üzün çevirmə,
Cümə deyər, hər yetənə sirr vermə,
Dost mehriban ya bir olar, ya iki.