Məzmuna keç

Yadıma düşdü (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yadıma düşdü
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Yarın gərdəninə qolum salanda,
Zülfə dolaşdığı yadıma düşdü.
İstədim ki, əl uzadam qoynuna,
Düyməsin açdığı yadıma düşdü.

Sallanıb gələndə, dərdin biləndə,
Əl-ələ çalanda, gəh-gəh güləndə,
Əyləşib qalanda, pünhan olanda,
Deyib danışdığı yadıma düşdü.

Aynasın quranda, ziynət verəndə,
Zülfünü buranda, telin hörəndə,
Qoynuma girəndə, qolun görəndə,
Həsrət sarışdığı yadıma düşdü.

Kirpiyin qaxanda, cana çaxanda,
Həmayil taxanda, ənbər qoxanda,
Seyrağıb baxanda, evim yıxanda,
Kənardan keçdiyi yadıma düşdü.

Bi-mürvət əlində, yarın əlində,
Pərişan halında, çeşmim selində
Hüseynin könlündə, əzbər dilində,
Yanıb alışdığı yadıma düşdü.