Yadıma düşdü (Mikayıl Müşfiq)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yadıma düşdü Müəllif: Mikayıl Müşfiq |
Keçən günlərimi vərəqləyirkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda canlandı, birdən
Göyərçin əllərin yadıma düşdü.
Deyildir eşq odu məni yandıran.
Ruhumun şəhrini işıqlandıran,
Pozğun şəfəqləri mənə andıran
Ziyalı tellərin yadıma düşdü.
O gün də bir gündü, ey üzü dönmüş,
Sandım içində bir qaplan döyünmüş.
Bir anda köpürmüş, bir anda sönmüş
Xırçın əməllərin yadıma düşdü.