Yadıma düşdü (Yəhya bəy Dilqəm)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yadıma düşdü
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dilbər ehtiramla, mərhəmət ilə,
Yanıma gəldiyi yadıma düşdü.
Bir şirin söz ilə, qaşü-göz ilə,
Dərdimi bildiyi yadıma düşdü.

Əndəlib gülündən, kəmər belindən,
Ülfət qıl qulundan, danış dilindən,
Zülfündən,telindən, nazik əlindən,
Göz yaşım sildiyi yadıma düşdü.

Dilqəm tərlanısan, uyma sar ilə,
Qızıl gül bülbülə uymaz xar ilə,
Bir şirin dil ilə, xoş rəftar ilə,
Ucadan güldüyü yadıma düşdü.