Yalançı

Vikimənbə saytından
Yalançı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir ananın çox yalançı bir oğlu var idi. Anası hər gün ona nəsihət edərdi:

– Oğlum, bəsdir yalan danışdın! Yalan danışmaq böyük günahdır! Günlərin bir günündə oğlu anasına dedi:

– Anacan, mənim üçün dadlı bir şey bişir. Mən yalanın qarnını, partlayınca doydurum, sonra onu götürüb meşəyə aparım, orada da tullayım. Evə qayıdaram, daha bir də yalan danışmaram! Onun anası sadə, açıq ürəkli bir qadındı, ona görə oğlunun istədiyi bütün dadlı xörəklərdən bişirdi. Oğlu yeməkləri göturüb meşəyə getdi və ovurdlarını doldurub yeməyə başladı! Sonra da bütün günü meşədə gəzib dolandı, gün batanda evə gəlib anasına dedi:

– Anacan, bir qulaq as gör başıma nə gəlib! Mən yalanı meşəyə apardım, qarnı partlayınca onu yedirib, dedim: “Hə, yalan, indi mən səni atdım!” Mən üç dəfə bunu dedim, yalan filə dönüb dalımca gəldi. Mən özümü ora-bura atdım – gördüm yox, gizlənməyə bir yer yoxdur, fil dalımca gəlir. Birdən yekə bir ağac gördüm. Pişik kimi o saat ağaca dırmaşdım. Bədbəxtçiliyə bax da! Fil də mənim dalımca ağaca dırmaşdı. Mən filin əlindən o yarpaqdan bu yarpağa tullandım, o da mənim dalımca o budaqdan bu budağa atılırdı. Mən onun əlindən o budaqdan bu budağa atılırdım, o da mənim dalımca bu yarpaqdan o yarpağa atılırdı. Qorxudan canıma vəlvələ düşdü. Nə eləyim? Aşağı baxdım, gördüm yerdə bir küpə var. Mən özümü atdım onun içinə! Küpənin də içində deşik vardı, oradan da çıxıb qaçdım. Fil də özünü mənim dalımca küpənin içinə atdı. Fil özü küpədən çıxdı, ancaq quyruğu deşikdə ilişib qaldı. O, indi meşədə qalıb, mən də canımı onun əlindən qurtarıb gəlmişəm.

Anası oğlunun quraşdırdığı yalanlara qulaq asdı, asdı, axırda dedi:

– Ay oğul! Sən indi əvvəlkindən də bərk yalan toqquşdurursan!