Yalqız ağac
Rəvayətlər. Yalqız ağac Müəllif: Şifahi xalq ədəbiyyatı |
Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində gözəlliyilə aləmə səs salan sərv boylu yoxsul bir qız var imiş. Qızın qumral gözləri, qapqara uzun saçları çox cavanların canına od salıbmış.
Yaxından, uzaqdan qıza tez-tez elçilər gəlirmiş. Ancaq gələnlərdən qızın ürəyinə yatanı olmadığından heç kimə razılıq vermirmiş. Bir gün varlı bir bəy qızın gözəlliyini görüb ona elçi göndərir.
Qız ona da razılıq vermir. Bundan qəzəblənən bəy and içir ki, o qızı ya zorla alacaq, ya da ona elə bir divan tutacaq ki, ölüncə dadı damağından getməsin. Bəy nökər-nayıbını da başına yığıb kəndə gəlir. Bu xəbəri eşidən qız baş götürüb dağlara qaçır. Bəy də adamlarıyla qızın arxasınca dağlara gedir. Qızı tuta bilməyəcəyini görən bəy, ox atıb onu ağır yaralayır.
Çox qan itirib taqətdən düşən qız Nüsnüsün başı üstündəki dağda bir anlığa dayanır, yarpaq kimi saralan üzünü sonsuz göylərə tutub Allahdan aman istəyir. Zavallı qız azğın bəylə onun adamlarının gözləri önündə “Yalqız ağac”a dönür.
Sonralar camaat uzun müddət “Yalqız ağac”a sitayiş etmişdir. Altında tonqal qalamış, qurban kəsmişlər. Öz qəmli görkəmiylə adamı heyrətdə qoyan “Yalqız ağac” nə quruyur, nə böyüyür, nə də solur. Həmişəyaşıl qalır. Onun yarpağını qoparmaq, budaqlarını kəsmək, sındırmaq olmaz. Guya “Yalqız ağac”ın yarpağını, ya da budağını qırsan, həmən yerdən qan axar.