Yalquzaq
Yalquzaq Müəllif: İvan Turgenyev Tərcümə edən: Nailə Muradəliyeva |
Axşamüstü, ara yolla, tək-tənha, arabada ovdan qayıdırdım. Evə səkkiz verstə qədər qalırdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir fınxırır, qulaqlarını oynadırdı; yorğun tulam arabaya bağlanmış kimi, dal təkərlərdən bir addım belə geri qalmırdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd göy rəngli bir bulud meşənin ardından ağır-ağır ucalırdı; başımın üstündən və qarşımdan isə, uzun boz buludlar axışmaqda idi. Söyüd ağacları təlaşla yırğalanır, pıçıldaşırdılar. Boğucu bürkünü birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qatışırdı. Mən cilovla atı vurub, dərəyə endim, hər tərəfini kol basmış, suyü qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kollar üzərinə artıq qaranlıq çökmüşdü; çətinliklə irəliləyirdim. Arabam təkər izlərindən əmələ gəlmiş uzun çuxurları bürüyüb basmış palıd və cökə ağaçlarının möhkəm rişələrinin üzərilə silkələnə-silkələnə gedir, atım büdrəməyə başlayırdı. Birdən şiddətli külək uğuldadı, ağaclar silkləndi, iri yağış damlaları ağır zərbələrlə yarpaqları qamçıladı, şimşək parladı və tufan qopdu. Yaqış sel kimi tökürdü. Mən atı addım-addım sürürdüm, bir az sonra dayanmalı oldum: at palçığa batmış, özüm isə, heç bir şey seçə bilmirdim. Birtəhər qalın bir kolun dibində daldalandım. Mən bürüşüb, tufanın keçməsini közləyirdim ki, birdən şimşək işığında, yolda gözümə ucaboylu bir adam dəydi. Diqqətlə həmin səmtə baxmağa başladım, həmin adam, yerdən bitmiş kimi, arabanın yanında köründü.
Gur bir səs eşidildi:
Kimsən?
Bəs sən özün kimsən?
Buranın meşə qarovulçusuyam.
Mən də öz adımı dedim.
Hə, tanıyıram, evəmi gedirsən?
Evə gedirəm. Ancaq görürsən də nə tufandır...
Hə, tufandır, - deyə cavab verdi.
Şimşəyin ağ işıqı meşə qarovulçusunu başdan ayağa qədər işıqlandırdı. Şimşək ardınca həmin saat qısa və quru bir köy kurultusu qopdu. Yaqış ikiqat şiddətlə yağmaqa başladı.
Tez kəsməyəcək,- deyə meşə qarovulçusu sözünə davam etdi.
Nə etmək olar.
O, kəsik-kəsik dedi:
Buyurun, sizi öz daxmama aparım.
Minnətdar olaram.
Buyurun, oturun.
O, atın başına sarı keçdi, cilovdan tutdu və arabanı yerindən tərpətdi. Yola düşdük, Mən arabanın «dənizdə qayıq kimi yırğalanan» döşəkçəsindən yapışıb tulanı səsləyirdim. Yazıq madyanım ayaqlarını ağır-ağır palçığın içi ilə sürüyür, büdrəyirdi: meşə qarovulçusu arabanın önündə xəyal kimi sağa-sola yırğalanırdı. Xeyli getdik; nəhayət bələdçim durdu. «Budur, ağa, evə çatdıq» - deyə o, sakit bir səslə dilləndi. Qapı cırıldadı, bir neçə küçük səs-səsə verib hürüşdü. Mən başımı qaldırdım, şimşək işığında, dövrəsi çəpərlənmiş geniş bir həyətin ortasında kiçik bir daxma gördüm. Pəncərənin birindən tutqun işıq gəlirdi. Meşə qarovulçusu atı artırmaya sürüb qapını döydü. «Bu saat, bu saat», deyə nazik səs və yalın ayaq tappıltısı eşidildi, cəftə çırıldadı və astanada, əynində, beli bez qırığı ilə bağlanmış köynək, əlində fənər, on iki yaşlarında bir qız göründü.
Kişi qıza dedi: - Ağa üçün işıq tut. Mən də arabanı çardaqın altına çəkim.
Qız mənə baxıb daxmaya girdi. Mən də onun ardınça getdim. Meşə qarovulçusunun daxması his basmış, alçaq, bomboş, ləməsiz, arakəsməsiz bir otaqdan ibarət idi, divardan cırıq bir kürk asılmışdı. Skamyanın üstündə təklülə bir tüfəng, qarşı küncdə isə bir yığın cır-cındır vardı. Sobanın qabağına iki iri sərnic qoyulmuşdu. Stolun üstündəki çırağın titrək işığı gah artır, gah azalırdı. Daxmanın tən ortasında uzun şüvüldən bir beşik asılmışdı. Qız fənəri söndurdü, xırdaca kətildə oturub sağ əliylə beşiyi yırğalamağa, sol əliylə yanan çırağı düzəltməyə başladı. Mən ətrafa göz gəzdirdim, ürəyim sızladı: gecə vaxtı bir kəndli daxmasına düşmək ürək açan şey deyildi. Beşikdəki körpə tez-tez çətinliklə nəfəs alırdı.
Məgər sən burada təksən? - deyə qızdan soruşdum.
Təkəm, - deyə zorla anlaşılan bir səslə cavab verdi.
Meşə qarovulçusunun qızısan?
Onun qızıyam, - deyə pıçıldadı.
Qapı cırıldadı və qarovulçu başını əyib içəri girdi. O, fənəri yerdən götürdü, stola yaxınlaşdı və çırağı yandırdı.
Yəqin çırağın işığına öyrəşməyibsiniz? - deyə o, qıvrım saçlarını silkələdi.
Mən ona nəzər yetirdim. Belə boy-buxunlu bir adama tək-tək rast gəlmişdim. Boyu uca, kürəkləri enli, bədəninin quruluşu çox gözəl idi. Qaba parçadan tikilmiş köynəyinin altından qabarıq və qüvvətli əzələləri aydın seçilirdi. Qara qıvrım saqqalı onun sərt və mərd üzünün yarısını bürümüşdü. Enli çatma qaşlarının altından çox da iri olmayan qumral közləri çəsarətlə baxırdı. O, əllərini yüngülcə çiynimə toxundurub qarşımda durdu.
Mən öna təşəkkür edib adını soruşdum:
Adım Fomadır, - deyə cavab verdi,- ləqəbim isə Yalquzaqdır.
Hə, Yalquzaq sənsən?
Ona ikiqat maraqla bir də göz yetirdim. Bizim Yermolayadan və başqalarından meşə qarovulçusu Yalquzaq barəsində rəvayət eşitmişdim; ətrafdakı bütün kəndlilər ondan oddan qorxan kimi qorxardılar. Onların dediyinə görə, dünaya I bunun kimi öz işinin ustası olan bir adam gəlməyib: “Bir şələ çır-çırpını da oğruya verməz; nə vaxt olur-olsun, lap gecənin yarısı, adamın başının üstünü alır, yaxa qurtarmağa çalışmaq da əbəsdir: güclü, zorlu və şeytan kimi cəlddir. Heç bir şeylə də onu tovlamaq mümkün deyil, nə şəraba baxır, nə pula, belə şeylərə aldanan deyil. Neçə dəfə qoçaqlar onun başını batırmaq istəyiblər amma bir şey çıxmayıb.” Qonşu kəndlilər Yalquzaq barəsində belə danışırdılar.
Deməli, Yalquzaq sənsən, -deyə təkrar etdim: - sənin barəndə eşitmişəm. Deyirlər adamlara göz verib, işıq vermirsən.
Vəzifəmi yerinə yetirirəm, - deyə o, tutqun bir səslə cavab verdi: - ağa çörəyini müftə yemirəm.
O, belindən baltanı çıxarıb, yerə çöməldi və yandırmaq üçün odun doğramağa başladı. Mən soruşdum:
Bəs arvadın yoxdur?
Yox, - deyə cavab verdi və var qüvvəsilə baltanı endirdi.
Yoxsa ölüb?
Yox... hə... ölüb, - deyə cavab verdi və üzünü yana çevirdi.
Mən susdum; o gözlərini qaldırıb mənə baxdı.
Qancıq axmaq bir meşşana qoşulub qaçdı, - deyə istehza ilə cavab verdi. Qız gözlərini yerə dikdi, körpə ayıldı və çığırdı: qız beşiyə yanaşdı.
Al, ver ona, - deyə Yalquzaq qıza çirkli bir əmzik uzatdı. Sonra o körpəni köstərərək, yavaşcadan dedi. - Budur, bunu da atıb getdi, qapıya sarı yönəldi, dayandı və dönüb geri baxdı. - Ağa, yəqin ki, - o sözə başladı - bizim çörəkdən yeməzsiniz, mənim də çörəkdən savay...
Ac deyiləm.
Özünüz bilərsiniz. Sizin üçün samovar qoyardım, ancaq
çayım yoxdur... gedim bir sizin ata baxım.
O, çıxıb qapını çırpdı. Otağa bir də göz gəzdirdim. Daxma mənə əvvəlkindən də kədərli göründü. Soyumuş tüstünün acı qoxusu nəfəsimi tuturdu. Qız yerindən tərpənmir və gözlərini qaldırmırdı; arabir beşiyi yırğalayıb çiynindən sürüşən köynəyi qorxa-qorxa çəkirdi; yalın ayaqları hərəkətsiz halda asılıb durmuşdu.
Qızdan soruşdum:
Adın nədir?
Ulita, - deyə cavab verdi və kədərli üzünü bir az da aşağı əydi.
Meşə qarovulçusu içəri girib skamyada oturdu.
Tufan keçir, - deyə o bir az sükutdan sonra dilləndi. - Buyursanız, sizi meşədən ötürüb yola salaram.
Mən qalxdım. Yalquzaq tüfəngi kötürüb ağızotunu (çaxmaq daşı ilə atılan tufənglərə alışdırmaq üçün tökülən barıt) yoxladı.
Soruşdum:
Tüfəngi neyləyirsən?
Meşədə rahat durmurlar. Kobılı dərəsində ağac qırırlar.
Məgər burdan eşitmək olur?
Həyətdən eşidilir
Biz bərabər çıxdıq. Yağış kəsmişdi. Uzaqlarda hələ də iri, ağır buludlar bir-birinin üzərinə qalanmışdı, arabir uzun sürən şimşəklər çaxırdı, ancaq başımızın ustündə artıq orda-burda tünd-mavi göy görünür, sürətlə axan seyrək buludlar arasından ulduzlar sayrışırdı. Üstlərinə yağış damcıları çökmüş və küləkdən yırğalanan ağacların cizgiləri qaranlıq içində seşilməyə başlayırdı. Biz diqqətlə qulaq asmağa başladıq.
Meşə qarovulçusu şapkasını çıxarıb başını yerə dikdi: - “Odur ha-deyə birdən dillənib əlini uzatdı: - gör, bir necə gün seçib». - Mən yarpaqların xışıltısından başqa bir şey eşitmirdim. Yalquzaq atı çəkib çardağın altından çıxardı. «Belə yubansam, - deyə o ucadan söyləndi-onu əlimdən qaçıraram»
İstəyirsən, mən də səninlə gedim.
Yaxşı,-deyə cavab verdi və atı geri itələdi: -Biz onu bu saat tutarıq, sonra sizi yola salaram.
Gedək
Yalquzaq öndə, mən də arxada yola düzəldik. Allah bilir, o yolü necə tanıyırdı, arabir dayanırdı, bu da yalnız balta səsini dinləmək üçün idi. - «Bir bax, - deyə o, dişlərini bir-birinə sıxıb mırıldanırdı: - eşidirsinizmi? Eşidirsinizmi?» -«Axı hanı?» -Yalquzaq çiyinlərini atdı. Dərəyə endik, külək bir an kəsildi, bu zaman müntəzəm zərbə səslərini mən də aydın eşitdim. Yalquzaq mənə baxıb başını yırğaladı. Sonra yaş ayıdöşəyi otu və kicitkanlıq arası ilə yolumuza davam etdik. Birdən boğuq və sürəkli bir uğultu eşidildi...
Yıxdı... - deyə Yalquzaq mırıldandı.
Bu zaman göy üzü artıq təmizlənməkdə idi; meşə azacıq işıqlanmışdı. Biz nəhayət dərədən çıxdıq.
Burada gözləyin- deyə meşə qarovulçusu qulağıma pıçıldadı.
O, əyildi, tüfəngi yuxarı qaldırdı və kolların içində yox oldu. Mən gərkin bir halda dinləməyə başladım. Küləyin daimi uğultusu arasından qulağıma yaxından gələn zəif səslər çatırdı: balta ehtiyatla budaqlara vurulur, təkərlər cırıldayır, at fınxırırdı...
Hara qaçırsan, dayan!-deyə birdən Yalquzağın səsi guruldadı.
Başqa bir səs dovşan səsi kimi şikayətli bir halda zarıldadı... Mübarizə başlandı. "Nahaq yerə, nahaq..."-deyə Yalquzaq boğuq bir səslə deyirdi: -əlimdən qurtara bilməzsən»
Mən səs gələn tərəfə yüyürdüm, hər addımda ayağım ilişə-ilişə gəlib mübarizə səhnəsinə yetişdim. Kəsilmiş ağacın yanında meşə qarovulçusu yerə uzanıb əlləşməkdə idi: oğrunu altına almış, qurşağı ilə çəkib qollarını bağlayırdı. Mən yaxınlaşdım. Yalquzaq qalxıb, onu da ayağa qaldırdı. İslanmış, cır-cındır içində uzun, pırtdaşıq saqqalı bir kəndli gördüm. Üstü yarıyadək əzik-üzük bir giş ilə örtülmüş arıq bir yabı buradaca arabanın yanında durmuşdu. Qarovulçu bir kəlmə də danışmırdı; kəndli də dinmir, yalnız başını silkələyirdi.
Burax getsin, - deyə Yalquzağın qulağına pıçıldadım-ağacın pulunu mən verərəm.
Yalquzaq dinmədi; sol əli ilə atın yalından, sağ əli ilə isə oğrunun qurşağından yapışdı. «Hə, tərpən görüm məlun!» - deyə sərt bir səslə deyindi: «Baltanı da, götürün»,-deyə kəndli mırıldandı.- «Düz deyirsən, boş yerə niyə itib batsın ki?»-deyə qarovulçu baltanı da götürdü. Biz yola düşdük. Mən arxada gedirdim... Yağış yenə çisələməyə başladı, bir az sonra isə sel kimi yağdı. Biz çətinliklə gəlib daxmaya çatdıq. Yalquzaq tutduğu atı həyətin ortasında buraxdı, kəndlini otağa gətirdi, qurşağın düyününü boşaltdı və onu küncdə oturtdu. Sobanın qabağında yuxuya getmiş olan qız, yerindən sıçradı və səssiz, qorxaq nəzərlərlə bizə baxmağa başladı. Mən skamyaya oturdum.
Bir bax ha, gör nə yağır, - deyə, qarovulçu sözə başladı: - gözləməli olacaqsınız. Bir az uzanıb dincəlmək istəmirsiniz?
Sağ ol.
Mən onu sizin xatirinizə dəhlizə salardım, - deyə o, kəndlini göstərərək davam etdi: ancaq cəftə...
Qoy burda qalsın, işin olmasın, - deyə Yalquzağın sözünü kəsdim.
Kəndli altdan-yuxarı mənə baxdı. Ürəyimdə özümə söz verdim ki, nə cür olursa-olsun, bu yazığı buraxdırım. O, hərəkətsiz bir halda skamyada oturmuşdu. Fənərin işığında onun içkidən şişmiş qırış-qırış üzünü, sallanan sarı qaşlarını, narahat gözlərini, arıq əl-ayaqlarını aydın görürgdüm... Qız onun lap ayağının altında döşəməyə uzanıb yatdı. Yalquzaq stolun yanında başını qollarına dayayıb oturmuşdu. Küncdə süsəri cırıldayırdı... yağış damı döyəcləyir və süzülüb pəncərələrdən axırdı, hamımız susmuşduq.
Foma Kuzmiç, - deyə birdən kəndli boğuq və qırıq bir səslə dilləndi:- ay Foma Kuzmiç!
Nə var?
Burax məni.
Yalquzaq cavab vermədi.
Burax... acından eləmişəm... burax...
Sizi yaxşı tanıyıram,-deyə Yalquzaq acıqlı bir səslə cavab verdi: - bütün kəndiniz belədir,
hamınız başdan-ayağa oğrusunuz.
Burax,-deyə kəndli təkid edirdi:-məmurlar... var-yoxdan çıxmışıq!..
Heç kəs oğurluq edə bilməz.
Burax, Foma Kuzmiç... evimi yıxma. Sizin ağa, özün bilirsən ki, canımızı alır.
Yalquzaq üzünü kənara çevirdi. Kəndli isitməli adam kimi əsdi. Başını silkələdi və kəsik-kəsik nəfəs aldı.
Burax-deyə o təkidlə məyus halda təkrar edirdi: -burax, sən allah burax. Pulunu verərəm, vallah.
O bir allah bilir ki, acından eləmişəm, burax gedim. Uşaqlarım ağlaşır, biri xəstədir, özün ki, bilirsən. Çox çarəsizəm…
- Hər necə olursa olsun, oğurluğa getməməlisən
Atımı-deyə kəndli davam etdi:-atımı…-burax-…çörək ağacımız odur…burax
Dedim ki, olmaz, mən də qulluq adamıyam, məndən tələb edirlər. Sizi özbaşına qoymaq olmaz.
Burax gedim, əlacsızlıqdan eləmişəm, yalvarıram sənə, burax məni
Mən sizi yaxşı tanıyıram.
Burax, xahiş edirəm!
Eh səninlə nə ağız-ağıza verim; dinməzcə otur, Yoxsa, bilirsənmi? Ağanı gözün görmür, nədir?
Yazıq başını aşağı saldı... Yalquzaq əsnədi və başını stolun üstünə qoydu. Yağış hələ də ara verməmişdi. Mən gözləyirdim, görüm nə olacaq.
Kəndli birdən dikəldi. Gözləri parıldadı, üzünə qızartı gəldi, «Di al, ye, al, boğmalan, al»-o, gözlərini qıyıb və dodaqlarını sallayıb sözə başladı:- «A məlun can alan, xristian qanını, iç»...
Qarovulçu üzünü ona çevirdi. Kəndli dilləndi:
Sənə deyirəm, sənə, vəhşi, qaniçən, sənə!
Keflisən nədir, söyüş niyə söyürsən? - deyə Yalquzaq heyrətlə dilləndi. -Dəli olubsan nədir?
Kefliyəm!.. Yoxsa sənin puluna içmişəm? Məlun canavar! Canavar!
Vay səni, bu saat sənin..
Qoy hamısı ölsün, hamısı qırılsın: arvad da, uşaqlarım da, - hamısı yox olsun... Bir dayan, bir gün sənin də vayını verərik!
Yalquzaq yerindən qalxdı.
Vur, vur, -deyə kəndli azğın bir səslə bağırdı: - vur al, vur... (qız tələsik yerindən sıçradı və gözünü ona zillədi) Vur! Vur!
Kəs səsini,-deyə Yalquzaq bərkdən çığırıb iki addım irəli atdı.
Bəsdir, Foma -deyə çığırdım, -əl çək ondan.
Səsimi kəsməyəcəyəm- deyə yazıq kəndli davam etdi:- canavar, allah qırsın sizi, bir dayan, sənin də padşahlığın uzun sürməyəcək! Sənin də boğazını üzən tapılar, bir dayan.
Yalquzaq əl atıb onun çiyinlərindən yapışdı.Mən kəndliyə kömək etmək üçün irəli addımladım. “Siz qarışmayın”-deyə Yalquzaq mənə bağırdı.
Mən onun hədəsindən qorxmazdım və artıq əlimi qaldırmaq istəyirdim ki, heyrət içində qaldım: Yalquzaq bir həmlə ilə qurşağı kəndlinin qolundan siyirib atdı, boynundan yapışdı, şapkasını onun gözünün üstünə basdı, qapını açdı
və onu bayıra itələdi.
Cəhənnəm ol burdan, özün də, atın da,-deyə onun ardınca çığırdı: - ancaq özünü gözlə ha, bir də əlimə düşsən...
O, daxmaya qayıdıb küncdə qurdalanmağa başladı.
Hə, Yalquzaq, - deyə nəhayət dilləndim: - məni lap heyran qoydun: görürəm ki, qiyamət adamsan.
Eh, bəsdir, ağa, - deyə o küskün bir əda ilə sözümü kəsdi: - ancaq xahiş edirəm, bir adama deməyəsiniz. Yaxşısı budur, gedək sizi ötürüm, - deyə əlavə etdi: - deyəsən yağışın kəsməsini gözləyə bilməyəcəksiniz...
Həyətdən kəndlinin arabasının taqqıltısı kəldi.
Gör necə əkilir!- deyə Yalquzaq mırıldandı: - mən
onu tapa.....!
Yarım saat sonra o mənimlə xudahafizləşdi.