Yanağun alı ilə sən başladun alə, eyləmi?

Vikimənbə saytından
Yanağun alı ilə sən başladun alə, eyləmi?
Müəllif: Qazi Bürhanəddin


Yanağun alı ilə sən başladun alə, eyləmi?
Gözlərümün yaşını sən boyadun alə, eyləmi?

Ləli-ləbüni görəli susamışam totağuna,
Qarşuna uşda oluram təşnə zülalə eyləmi?

Dam ilə danəyə düşər uçan həvada quş dəxi
Düşdüm isə dəpələgil zülf ilə xalə eyləmi?

Könül kimi sevər isə Leyliyi-Məcnun oldurur,
Düşdüm isə günahluyam sahibcəmalə, eyləmi?

Səba yeli gətürəli bana gisusı qoxusın
Yüklədürəm qoxuları badi-şimalə, eyləmi?

Belün içün qıl olmışam bənzədürəm öz-özümi
Bədr yüzüni görəli mahi-hilalə, eyləmi?

Bəhram əgər av olmaya, gözlərünə çubin ola,
Qəmzələrün urur oxın Rüstəmi-Zala eyləmi?

Bir qıl ilə asılıban zülfünə, şöylə qalmışam,
Eşq əri bənüm kibi qıl ilə qala eyləmi?

Bidilü aşiqü qərib xəstədürür ləbün, təbib
Dərdinə qılmaya dəva, düşə vəbalə eyləmi?