Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi
Görünüş
Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi Müəllif: Mirzə Mehdi Naci |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yandı canım hicrdən, ruhi-rəvanım gəlmədi,
Çıxdı əflakə fəğan, ol əl-amanım gəlmədi.
Keçdi-ömrüm, natəvan oldu tənim də, vay kim,
Bu təni-rəncurimə bir dəxi canım gəlmədi.
Keçdi əyyami-baharım, gözlərim gözlər yolu,
Noldu, yarəb, bülbüli-şirinzəbanım gəlmədi?
Gəlmədi, aya, səbəb noldu, vücudim səhhəti?
Deməyə bir kimsə yox sirri-nihanım gəlmədi?
Dinü imanım nə müddətdir gedib məndən uzaq,
Çünki yarım gəlmədi, dinü imanım gəlmədi.
Seyli-qəm peyvəstə qıldı, münhədim dil mülkünü,
Mülki-dil təmirinə ol mehribanım gəlmədi.
Getdi tab ilə təvanım cümlə əldən, Naciya,
Bu təni-zarə neçün tabü təvanım gəlmədi!