Yarım apardı

Vikimənbə saytından
Yarım apardı
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başma döndüyüm, qurban olduğum,
Qoyma, dəli Becan yarım apardı!
Alışıb oduna büryan olduğum,
Qoyma, dəli Becan yarım apardı!

Şah Abbas hökmüylə naməni yazır,
Qurub kecavəni olubdu hazır,
İsfahandan gəldi bu zalım vəzir,
Qoyma, dəli Becan yarım apardı!

Mən Abbasam, heç vaxt söyləməm yalan,
Elimə, ölkəmə saldılar talan,
Xoca, dəli Becan, Allahverdi xan,
Qoyma, dəli Becan yarım apardı!