Məzmuna keç

Yarəb, nə nur imiş ki, məni yaxdı narına

Vikimənbə saytından
Yarəb, nə nur imiş ki, məni yaxdı narına
Müəllif: Cahanşah Həqiqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yarəb, nə nur imiş ki, məni yaxdı narına,
Yarəb, nə zat imiş ki, məni çəkdi darına?

Sübhi-əzəldə qıldı müəttər dimağımı,
Ta əsdi dan yeli saçının mişkbarına.

Kəhli-bəsiri-didə qılan xaki-payini,
Gər bir güzər irişsəm anın kuhsarına.

Xalivü çeşmü qəmzəsi aşüftə könlümü
Çəkdi kəməndi-zülfünə, saldı şikarına.

Bağrım qanın gözümdən axıtdı qəmi-ruxi,
Simin əlını qıldı anınla nigarına.

Dövründə ləlin meyi əsrütti ta əbəd,
Şol badədən ki, kimsə iriçməz xumarına.

Bağrımın işvə birlə qılır yara qəmzəsi,
Yarəb, nə işvədir ki, qılır qəmzə yarına?

Yarından ayrı yandı Həqiqi fəraq ilə,
Gəlgil təfərrüc eylə anın ahü zarına.