Məzmuna keç

Yarəb (Molla Cümə)

Vikimənbə saytından
Yarəb
Müəllif: Molla Cümə
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Bir diləyim var dərgahımdan istərəm,
İsmi olan o minbirə bağışla, Yarəb.
Dilim duadadır, üzüm də haqda,
Təbibim piri nurə bağışla, Yarəb.
 
Biz ona ümmətik, o bizə ağa,
Günahkar bəndəyik, düşdük ayağa.
Ol hürü qılmana, səkkiz uçmağa85,
Şərabən təhurə bağışla, Yarəb.
 
Şərabən təhurə axar cənnətə,
Qismət olsun bir günahkar ümmətə.
Beş vaxt qılınan fərzi sünnətə,
O, Leylətil Qədrə86 bağışla, Yarəb.
 
Leylətil Qədrdir ildə bir gecə,
Dostun hüzuruna gələr meyraça
Ehsan üçün olan bir ay oruca,
Qur`anə, Zəburə bağışla, Yarəb.
 
Qur`anə, Zəburə, İncil, Tövrata,
Sureyi Yasinə, başsız barata.
Abi zəmzəm ilə abi həyata,
Ol ali kösərə bağışla, Yarəb.
 
Ali kösər içən olar şən,
Musa gündə min bir kəlmə danışan.
Eşqi tutub alovlanan, alışan,
Ol Turi-Sinayə bağışla, Yarəb.
 
Turi-Sina məsgən oldu Musaya,
Əvvəli Adəmə, sonra Həvvayə.
Yüz iyirmi dörd min gələn mövlaya87,
Xatəmül Muxtara bağışla, Yarəb.
 
Xatəmül Muxtar da şahdır İslama,
Hənifə məzhəbə, o dörd imama
Yığışıb gedərlər beytul həramə,
Ol beytul məmurə bağışla, Yarəb.
 
Beytul məmurda ziyarətkar məlaikə
Yığılıb gedərlər küllü diləyə
Yeddi qat yerlərə, yeddi fələyə,
Şəms ilə Qəmərə bağışla, Yarəb.
 
Səms ilə Qəmərə, gecə gündüzə,
Xeyri-şəri yazarlar, Lohu məhfuzə.
Qəriblikdə gəlib kim getsə bizə,
O Nəbiyi Xızıra bağışla, Yarəb.
 
Xızır çatsın qəriblərin dadına,
Hər kəsi yetirsin öz muradına.
Ənbiya məsgəni Məkkə, Mədinə,
Şamilə buxara bağışla, Yarəb.
 
Şamilə buxarda olan ərvaha,
Yığılıb gedilən o bəngargaha
Yunisi dəryada saxlayan mahata,
Yeddilər qırxlara bağışla, Yarəb.
 
Çağırram yeddi qırx ənbiyanı,
Siz amini deyin, mən də duanı
İki dözüm şöləsi ismi punhanı,
Molla Cumayı kəmtərə bağışla, Yarəb.