Məzmuna keç

Yar (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yar
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Könül qəmgin, səhraları gəzirəm,
Nə insafdı, mən də sənsiz qalım yar.
Gözüm görür, yarlı yarın dindirir,
İstərəm ki, səndən kamım alım, yar.

Gizlin-gizlin sənlə etdiyim ilqar,
İndi bildim sənə yoxmuş etibar,
Hər kim versə yardan mənə bir xabar,
Şirin canım ona müjdə qılım, yar.

Ayrı düşdüm vətənimdən, elimdən,
Bülbülümdən, gülşənimdən, gülümdən,
Mən nə dedim, sən incidin dilimdən,
Həsrət qaldım, mən dərmədim gülüm yar.

Abbas deyər: tərk eylədim elimi,
Bir dərmədim ağ sinəndən gülümü,
Arada var çərxi-fələk ölümü,
Qoy camalın görüm, ondan ölüm yar.