Məzmuna keç

Yar aşiqi həsrət çəkər

Vikimənbə saytından
Yar aşiqi həsrət çəkər
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Yar aşiqi həsrət çəkər,
Pərvanələr oda yansa.
Məcnun olar dəli könlüm,
Leyli deyib, dağ dolansa.
 
Namərd keçsə ixtiyara,
Tərlan möhtac olar sara.
Mərd igid çəkilər dara,
Gədə durub lovğalansa.
 
Möhtac olsam tülkülərə,
İstərəm, yem olum şirə.
Bayraməli dönər Kürə,
Şair təbi dalğalansa.