Yar alan könül
Görünüş
Yar alan könül Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Qəm-qüssədən uzaq olur həmişə,
Qəlbini nazənin yar alan könül.
Bir mina gərdənli, Züleyxa misal,
Dərd qanan, vəfalı yar alan könül.
Əzəl gündən yaranıbsa cəfadan,
Üzə salma yar çəkdirsə cəfa, dan.
Kim inciyər yar yolunda cəfadan,
Təki yar əlindən yaralan, könül.
Məmmədhüseyn, at qüssəni, şad dolan,
Qocalarmı ömrü boyu şad olan.
Bir hurinin vüsalını şad ol, an,
Solmaz gül camallı yar olan könül.