Məzmuna keç

Yar gəldi

Vikimənbə saytından
Yar gəldi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Dərdli könlün məlul çağı,
Budu, yar gəldi, yar gəldi!
Aşığın çeşmi çırağı,
Budu, yar gəldi, yar gəldi!

Seyrağıblar başım qatdı,
Sözüm dərəcəyə çatdı,
Üzündən niqabı atdı,
Budu, yar gəldi, yar gəldi!

Mən Abbasam çəkməm ahı,
Gördü gözüm gözəl mahı,
Olmuşam yarın məddahı,
Budu, yar gəldi, yar gəldi!