Məzmuna keç

Yar səndən

Vikimənbə saytından
Yar səndən
Müəllif: Zəlili
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Yanaqları laləm, püstə dəhanım,
Mən dönərəm könlüm dönməz yar səndən.
Ruyi gül bənövşəm, tuti süxənim,
Mən dönərəm könlüm dönməz yar səndən.

Fərhad “Şirin” deyib bunca gəzəndir,
Məcnun Leyli sitəminə dözəndir,
Deməgil: “Yar məndən əlin üzəndir”,
Mən dönərəm könlüm dönməz yar səndən.

Çıxmaq olmaz Yaradanın əmrindən,
Adamzadlar törər biri-birindən,
Ölən aşıq yoxdur məşuq cəbrindən,
Mən dönərəm könlüm dönməz yar səndən.

Bu yalan cahanda sənsən dayancım,
Cövhərim, xəzinəm, mədənim, gəncim,
Məqsədim, muradım, könül güvəncim,
Mən dönərəm könlüm dönməz yar səndən.

Zəlili der: mənim Dəndü xanımsan,
Cəsədim içində şirin canımsan,
Qıymazım, dözməzim, mehribanımsan,
Mən dönərəm, könlüm dönməz yar səndən.