Yar sana məni
Görünüş
Yar, sana məni (XIX əsr) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Cığalı təcnis
Dərdi-hicran tapdağıdı bu könül,
Bir ara, bir axtar, yar sana məni.
Mən aşığam, yar sana,
Gəlməz dərdim yar sana.
Loğmanımsan, bağrımı,
Neştər alıb yarsana?
Sayılınam dərmanıma yox demə,
Bir arxa, bir kömək, yar sana məni.
Duman gələ, şər qovuşa qarala,
Döndü yoxdu, ha yolumu qar ala.
Mən aşığam, qar ala,
Çatma qaşın qarala.
Sən mənimsən, mən sənin,
Yad çırağı qarala.
Yar uğrunda yüz çovğun, yüz qar ola,
Xudam yetişdirər, yar sana məni.
Söz vermişdin vaxtı gəlib yetişdi,
Məmmədhüseynin harayına yetiş di.
Mən aşığam, yetişdi,
Əhdə vəfa yetişdi.
Mən gördüyüm şamama,
İl dolandı yetişdi.
O gün əlin yad əllərə yetişdi,
Al qılıncı şaqqa yar, Sona məni.