Yar vəslin istəsən, kəsmək gərək candan təmə

Vikimənbə saytından
Yar vəslin istəsən, kəsmək gərək candan təmə
Müəllif: Məhəmməd Füzuli


Yar vəslin istəsən, kəsmək gərək candan təmə,
Hər kişi kim, vəsli-yar istər, kəsin ondan təmə,

Arizuyi-vəsli-canan canə afətdir, könül,
Ya təəllüq candan üz, ya vəsli-canandan təmə.

Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal,
Mən kiməm vəsl etmək ol xurşidi-rəxşandan təmə.

Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə,
Yoxsa çoxdur, mehr edən ol mahi-tabandan təmə.

Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim,
Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə.

Arizin görmək həyatım tazə eylər, vəh, nə eyb,
Gər gəda vəchi-məaşın qılsa sultandan təmə.

Müttəsil hirman qılır hasil təmədən əhli-hirs,
Türfə kim, artar ona gəldikcə hirmandan təmə.

İstər olsan, heyrətü hirmanə hərdəm düşməmək,
Kəs, Füzuli, dəhrdən ümmidü, dövrandan təmə.