Yara canımı

Vikimənbə saytından
Yara canımı
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Qınamayın, ilqar, iman yolunda,
Mən qurban demişəm yara canımı.
Çəkərəm cəfasın lap bu yolun da,
Əyyub kimi basa yara canımı.

Vəfasıza uyan solar, saralar,
Qürurunu nadan alar, sar alar.
Sardan törəyənin özü sar olar,
Sar qapısın sadiq yar açanımı?

Məmmədhüseyn təmiz yar aşığıdı,
Düz əhd sevənlərin yaraşığıdı.
O kəs ki, ömrümün yaraşığıdı,
“Of” demərəm, şaqqa yara canımı.