Yara yar
Yara yar Müəllif: Aşıq Alı |
dodaqdəyməz cığalı təcnis Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Qəddah qəhr eyləsə, dərdi sər artar,
Sədasından həsrət qalar yara yar.[1]
Aşiq sənsən yara yar,[2]
Dərd səddini yar, a yar.[3]
Tənha qalan haraylar,
Dada yetiş, yar, a yar.[4]
Hədyan ərz eyləsə nadan lisanı,[5]
Sadiq qalar sənə aqil yar ayar.[6]
Dərdikeş qayəsi dərdə sarıdı,[7]
Əyirdi dərdləri dərdə sarıdı.[8]
Aşiq dərdə sarıdı,[9]
Dərd əsiri sarıdı.[10]
Qəsrin şahə layiqdi,
Nədən rəngi sarıdı?[11]
Canansız xanələr dərd əsarıdı,[12]
Əhli-hallar yar dərdinə yarayar.[13]
Qəhrin sədasına tərsalar ağlar,[14]
Can naçar qalanda, tər salar ağlar.[15]
Aşiq tər salar, ağlar,
Yaylıq tər salar, ağlar.[16]
Haqqına ar alana,[17]
Desən, tərs alar, ağlar.[18]
Alı yaddan çara tərs alar, ağlar,[19]
Yar yaranda, sayalanar yara, yar.[20]
İzahlar
[redaktə]- ↑ yarın yardan ayrı düşməsi
- ↑ sən aşiqin yarısan
- ↑ yarmaq, dağıtmaq
- ↑ yara müraciət
- ↑ nadan dedi-qodusunu yayanlara inanmayan
- ↑ yar səni başa düşər, anlayar-ayar
- ↑ dərd çəkənin yönü dərdə tərəfdi-sarıdı
- ↑ dərdin üstünə dərd gətirdi-sarıdı
- ↑ aşiq dərdə meillidi-sarıdı
- ↑ dərd çəkənin rəngi sarıdı
- ↑ rəngi niyə sarı rəngdədi
- ↑ dərd bazarı-əsarıdı
- ↑ yarayar-kömək edər
- ↑ tufandan, qiyamətdən Yaradana inanmayan, naümidlər
- ↑ dəhşətə gələr, qorxarlar, inananlar Tanrıdan kömək diləyər. dərdinə əlac tapmayan düşünməkdən, hərarətdən tərləyər
- ↑ Yaylıqla təri silərkən sarı ləkə -tər salar, islanar, sıxanda
- ↑ su tökülər-ağlar
- ↑ şərxətərə öyüd versən, tərs anlayar-hikməti dərk etməz
- ↑ canı yanmayan dərdinin çarəsini tərs deyər-qurtarmazsan
- ↑ ağlarsan-əzab çəkərsən. yara-sayalanar-qurtarar