Yaradan məni

Vikimənbə saytından
Yaradan məni
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.333

Qaşların alır can, ay gözü tərlan,
Zənbur kimi şanda yaradan məni.
Kipriklərin silah, sinəm nişanə,
Gizlə, pünhan eylə, yaradan məni.
 
Qoynundakı nardı biri dalmasa,
Bənzər şamamaya, biri dalmasa.
Qonum, qohum, qardaş biri dalmasa,
Sən özün al qanım, yaradan məni.
 
Qurbanam, yar üzdən nə qalə canım,
Salıbsan qovğaya, nə qalə canım.
Nə yandır atəşə, nə qalə, canım,
Nə öldür, bu odlu yaradan məni.