Yaradan səni

Vikimənbə saytından
Yaradan səni
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Halal olsun bu qamətə, bu boya,
Nə gözəl yaradıb yaradan səni.
Sənə bədnəzərdən dəyməsin xəta,
Qoy Allah saxlasın bəladan səni.

Bilməm günəş deyim, yoxsa ay sənə,
Məncə bu dünyada yoxdu tay sənə,
Gözəlliyi xuda verib pay sənə,
Əziz tutub bəydən, paşadan səni.

Camalın oxşatdım dağlar qarına,
Gözüm düşüb ağ sinənin narına.
Gözəl olan belə baxmaz yarına
Ovçuyam qoymaram bərədən səni.

İnsaf elə hərdən Əfqanı güldür,
Gözünün yaşını amandı, sildir.
Qapında qul saxla, ya da ki öldür,
Unutmaram xeyir-duadan səni.