Məzmuna keç

Yaratdı (Şenlik-Abbas)

Vikimənbə saytından
Yaratdı
Müəllif: Aşıq Şenlik, Şair Abbas
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.93-94

    
Şenlik:
Dünya əhvalından xəbər ver, aşıq,
Əvvəl Qəni Sübhan nəyi yaratdı,
Nə məkanda binə qurdu bil tavuz,
Nə səbəbdən haki payı yaratdı.

Abbas:
Dünya əhvalından xəbərdaram mən,
Siftə Qəni Sübhan nuru yaratdı,
Ulduz ki, qəndildən endi hicaba,
Kəfdən sonra cümlə yeri yaratdı.

Şenlik:
Neçənci zəminin neçə dayağı,
Neçə qədəmədir mahın ayağı,
Əvvəl Zəm-zəm nəyə vurdu boyağı,
Nədən de birinci göyü yaratdı.

Abbas:
Yeddinci zəminin yeddi dayağı,
Qırx dörd mindi gavi-mahın ayağı,
Siftə Zəmzəm nura vurdu boyağı,
Zəbərcəddən ilkin göyü yaratdı.

Şenlik:
Dalıbsan qəflətə irəm at görüm,
Şenlikin sözünü bəyan et görüm.
Necə sirrdi, əhvalına yet görüm,
Cəsədsiz dəst, sərsiz muyu yaratdı.

Son qitədəki müəmmayı Abbas aça bilməmiş. Bunun üzərinə Şenlik, sorduğu müəmmayı özü belə cavablandırmışdır.

Şenlik:
Şükür, əff olundu Şenlikin suçu,
Boynunda borc qaldı hərfimin üçü,
O bir otdur, Məryəm ananın saçı,
Ona nisbət möhtəbəri yaratdı.