Yavaş-yavaş (Aşıq Abdulla Dərələyəzli)
Görünüş
Yavaş-yavaş Müəllif: Aşıq Abdulla Dərələyəzli |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.97; ISBN 978-9952-571-42-4 |
Kimin gəlinisən, kimin qızısan,
Bələnir dodağa bal yavaş-yavaş.
Bu qərib aşığa qaynadı qanın,
Sürüşdü başından şal yavaş-yavaş.
Özün əhli-halsan, bəstədi boyun,
Məni də yandırdı alovun-odun.
Nəzərə gələrsən, bəd gözdən yayın,
Yaşmağı dodaqdan sal yavaş-yavaş.
Aşıq Abdullayam, sinəm dağlıdı,
Eşqim daşa dəyib, qolum bağlıdı.
Deməynən bu aşıq qaş-qabaqlıdı,
Düşməsin qəlbinə xal yavaş-yavaş.