Məzmuna keç

Yaxşı sına

Vikimənbə saytından
Yaxşı sına
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Namərd dar günündə unudar səni,
Gen günündə ha düz, ha yaxşı sına.
Mən aşıq, yaxşı sana,
Yaxşını yaxşı sana.
Qıyma pis dura-dura,
Yerində yaxşı sına.
Qədrini nə bilər nanəcib adam,
Dost olanda əzəl bir yaxşı sına.

Lazım budur, hər kəs dura yolunda,
Bilə qədrin düz cığırın, yolun da.
Mən aşığam yolunda,
Din-ərkanın yolunda.
Cızığından çıxanın,
Saqqalını yolun da!
Yazıq canım, nadürüstün yolunda,
Azmı cəfa çəkdin, di yaxşı sına!

Məmmədhüseynin düz ilqarı yaddadı,
Meyli pis qohumdan yaxşı yaddadı.
Mən aşığam, ya dadı,
Əziz olmaz yad adı.
Ancaq elə yad var ki,
Demək olmaz yad, adı.
Olmaz vəfasızın zövqü, ya dadı,
Könül ver vəfalı, bir yaxşısına.