Məzmuna keç

Yaxşı sat

Vikimənbə saytından
Yaxşı sat
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Mərd igidi üç şey çəkər qabağa,
Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad.
Bir ayə var, min ayədən əfzəldir,
“Be”ydi, “hey”di, yaxşı “lam”dı, yaxşı “sad”.

Bədöy mənzili kəhər at yetirməz,
Nanəcibə öyüd versən, götürməz,
Ölənədək nişanını itirməz,
Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.

Hüseyn sözün nə gizləyə, nə dana,
Nə yaranar, daha doğar nə də ana.
Gövhər mətahını açma nadana,
Tök bazara, sərrafına yaxşı sat.