Məzmuna keç

Yaxşıdı (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdı
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum-qardaş yad olar,
Demə ulusum var, elim yaxşıdı.

Bir məclisə varsan, özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da, yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.

Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq1 olgunan,
Demə varım çoxdu, pulum yaxşıdı.

Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.