Məzmuna keç

Yaxşıdır (Ağ Aşıq Allahverdi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdır (Ağ Aşıq Allahverdi)
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Qəm çəkmə, ey könül, fani dünyada,
Qılınc çəksən dərdə, aha yaxşıdır.
İbadət et, leyli-nahar sal yada,
Şükür etsən bir Allaha yaxşıdır.

Əl çirkidi qızıl, mal ilə dövlət,
Kim tapıb onunla dünyada şöhrət.
Namussuz, qeyrətsiz olsa bir övrət,
Onu atsan fızıllığa yaxşıdır.

Düşün ədaləti, unutma daha,
Ağada iman yox, sultanda səxa,
Nəsihətli sözlər deyim bir daha,
Haram yüzdən, halal şaha yaxşıdır.

Ağ Aşıq elini etdilər talan,
Namərdlər mərd olub, mərdlərsə yalan,
Atalar ölərkən yurdunda qalan,
Qeyrətli övladı daha yaxşıdır.