Yaxşıdır (Xəstə Bayraməli)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdır Müəllif: Xəstə Bayraməli |
Mənbə: Seçmə aşıq şeirləri |
Nadan söhbətindən, gəda sözündən,
Bir qanan üzümə söysə yaxşıdır.
Binamusun minnətini çəkincə,
Cəlladlar dərimi soysa yaxşıdır.
Əzəldən bağlıyam sədaqətə mən,
Amansız düşmənəm xəyanətə mən,
Əgər möhtac olsam müxxənətə mən,
Əzrayıl qapımı döysə yaxşıdır.
Bayraməli hər yetənə dost demə,
İnsan oğlu gərək halal süd əmə.
Namərd məlhəm eyləyincə sinəmə,
Mərd əlindən güllə dəysə yaxşıdır.