Yaxşıdır (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdır (Xəstə Qasım) Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Qüdrətən sən bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə mərifətdən ver xəbər,
Görən desin, bərəkallah yaxşıdır.
İgidin mərfəti gərək dilində,
Qocanın əsası gərək əlində,
Biqeyrət oğulun ata yerində,
Qaldığından qalmadığı yaxşıdır.
Adam var ki, özgə bir işi bilməz,
Qocalar da var ki, heç namaz qılmaz,
Elə qohum var, bir məsrəfə gəlməz,
Qeyri yadlar çox qohumdan yaxşıdır.
Xəstə Qasım bir vaxt gəlir qonağın,
Ona məsrəf olar düyilə yağın,
O çox gülər, üzdən açıq qabağın,
Bir şirin dil hamısından yaxşıdır.