Məzmuna keç

Yaxşıdır (Zinhari)

Vikimənbə saytından
Yaxşıdır
Müəllif: Zinhari


 
Bir yaxşı xatının desəm vəsfini,
Əzəl başdan ağıl-huşu yaxşıdır.
Diqqət edən görsən edən kəsbini,
Sərəncamlı olan qoşu1 yaxşıdır.

Ürgənç almasına bənzər yanağı,
Qaşları kamandır, badam qabağı,
Çaki-zənəxdandır qızıl dodağı,
Gövhərdən düzülən dişi yaxşıdır.

Şüm rəqibdən uzaq saxlar özünü,
Naməhrəmdən pünhan tutar üzüni,
Nə sağa, nə sola dikməz gözünü,
Hər dilbərdən gözü, qaşı yaxşıdır.

Sallananda, rəvan olar yolları,
Tər xına yaraşan nazik qolları,
Ləb uzadıb, sormalıdır balları,
İncə beli, boyun, başı yaxşıdır.

Tər xatının nazları həm im olar,
Üzlərində burçaq-burçaq nəm olar,
Hər bir sözü neçə dərdə əm olar,
Pünhanda sirləri, dışı yaxşıdır.

Sözləşəndə, könlüm sirrini bilər,
Hər cavab verəndə qımışıb gülər,
Təamından qəndin məzəsi gələr,
Bişirən neməti, aşı yaxşıdır.

Üzü bənzər qan səpilən qarlara,
Çox adam yetişməz belə yarlara,
Yanaqları bənzər alma-narlara,
Nazəninin xoş baxışı yaxşıdır.

Min tümənlik olar hər bir nazları,
Vaxtını xoş edər qışü yazları,
Düzgün olar öylərinin sazları,
Elədiyi hər bir işi yaxşıdır.

Zinhari der, olsa əlində zəri,
O olar dünyanın zinətli əri,
Hər igidin olsa yaxşı dilbəri,
Bilsən, onun ömrü, yaşı yaxşıdır.