Məzmuna keç

Yaxan düymələ, düymələ

Vikimənbə saytından
Yaxan düymələ
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.


Sallanıban gələn dilbər,
Yaxan düymələ-düymələ!
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ!

Al geyib yaşıl bürünər,
Zülfləri yana hörülər,
Yel vurar, sinən görünər,
Yaxan düymələ, düymələ!

Yaxan çarpaz ilişməsin,
Heç kim dinib-danışmasın,
Yadlar görüb gülüşməsin,
Yaxan düymələ, düymələ!

Köynəyinin gülü yaşıl,
Süsən sünbülə dolaşır,
Gözəllik sənə yaraşır,
Yaxan düymələ, düymələ!

Kələğayın ucu sarı,
Açılar könlüm qubarı,
Söylə, sənsən kimin yarı?
Yaxan düymələ, düymələ!

Kərəm sənə nələr demiş,
Dil- dodağın qəndi-yemiş,
Kətan köynək, bəndi gümüş,
Yaxan düymələ, düymələ!

Mənbə

[redaktə]
  • Xalq mahnıları. Bakı, 2014, səh.112.