Yay səhəri (Əkinçilər, - yay gecəsiydi kənddə...)

Vikimənbə saytından
Yay səhəri
Müəllif: Abbas Səhhət

Əkinçilər, - yay gecəsiydi kənddə,-
Yorğun-arğın yeni çimir etmişdi.
Arvad, uşaq xırmanlarda, həyətdə
İşdən qurtarmış, uykuya getmişdi.
Birdən xoruzlar hinlərdə banladı,
Qarı nənə sübh olduğun anladı.
 
Səs eylədi,-oyandı oğlu, əri,
Əsnəyərək qalxdı yataqdan bular,
Çağırdılar nökərləri, rəncbəri,
Oyandılar səsə qohum-qonşular.
Azan səsi gəlir minarələrdən,
Çıxır çölə xəlayiq darələrdən.
 
Böyük-kiçik, rəiyyət, xanım, ağa
Yapışdılar hər biri bir peşəyə:
Gəlin gedir inəkləri sağmağa,
Odun gətirməyə nökər meşəyə,
Biri gedib ələf tökür kəllərə,
Biri baxır xırmandakı vəllərə.
 
Günəş çıxır, dağdan uçur dumanlar
Həvəslə istinin, tozun içində
Çalışırlar bu bir yığın insanlar
Xırmanlarda, tarlalarda, biçində.
Bu zəhmətlər şərh olunmaz, uzundur,
İnsaniyyət həp bunlara mədyundur.