Yazaram (Çoban Məhəmməd)
Yazaram (Çoban Məhəmməd) Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 42-43 |
Cumlə Qarovullar, cəm əlinizdən
Müseyib qardaşa nama yazaram.
Qoymaram aranı çox uzanmağa,
Ya səhərə, ya axşama yazaram.
Qarovul oğlanlar, a yaxşı canlar,
Arif olan mətləb qanar, iş anlar.
Məni az incidin, ay müsəlmanlar,
Vallah, sizə çox şahnama yazaram.
İki boyunduruq, bir də bir yaba,
Tövcükar çağırın, vursan hesaba.
Salsanız araya qalmağal, dava,
Bir material İrvahama yazaram.
Qamışlı, Qılışdı, Nədirxanlılar,
Güneypəyə, Sarıdaş - adlı-sanlılar,
Alçalı, Göydərə1, kömüryanlılar,
İşinizi sərəncama yazaram.
Qaraşı seçmişəm, yaxşıdı kişi,
İrəftar eyləyir, düz gedir işi.
Salsanız araya qovğa, təşvişi,
Bir ərzə də Urustama yazaram.
Əmrah da çox çəkir qıraq-bucağın,
Yazır camaatın odun, ocağın.
Eşitsin, öyrənsin sözümün sağın,
Götürrəm dəftəri-xama yazaram.
Əmrah ki bizinən dədə dostudu,
Böyük gedib, qalan gədə dostudu.
Deyəsən, mən ilə vədə dostudu,
Bu dostluğu imtahana yazaram.
Qurban bəyi görən hamı xoşladı,
Kamalı sərində, ağlı başdadı,
Neçə fağır-füqəranı boşladı,
O kişi yetişsin kama, yazaram.
Dəftərxanaları gətirrəm zara,
Çağırarlar sizi, çəkərlər dara.
Məhəmmədi çox saymayın füqəra,
Gerdə qalannızı dama yazaram.