Məzmuna keç

Yazdı, yaşatdı

Vikimənbə saytından
Yazdı, yaşatdı
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Bəşər tarixinə yazdı, yaşatdı,
Dünyaya tək gəlib, tək gedənləri.
Hər ocaq yetirib hər ana da doğmaz,
Dünyaya pak gəlib, pak gedənləri.

Mənəm deyənləri fələk haxladı,
Nə dağ silkələndi, nə daş laxladı.
Allah nəzərində əziz saxladı,
O haqqı qəlbinə həkk edənləri.

Heydər der, zəhmətim getmədi bada,
Kimi atlı oldu, kimi piyada.
Ucalan görmədim heç vaxt dünyada,
Haqqın varlığına şəkk edənləri.